İngiltərənin "The Guardian" nəşrində Kekalove Adaptive haqqında məqalə dərc olunub.
Updated: Dec 9, 2022
Azərbaycanın fiziki məhdudiyyəti olan insanlar üçün adaptiv geyim brendi “Kekalove” məhsullarının Qərb ölkələrində satışı üçün təchizat zənciri yaratmağı planlaşdırır.
"Report" xəbər verir ki, bu barədə "Guardian" nəşri yazıb.
Məlumata görə, şirkət hazırda “əlillər üçün oxşar ekosistemlərə” malik ölkələr - Gürcüstan, Türkiyə və Özbəkistanın nümayəndələri və dizaynerləri ilə əməkdaşlıq edir. Bu il komanda bu ölkələrin hər birində fiziki məhdudiyyəti olan insanların model kimi çıxış edəcəyi bir sıra şoular təşkil etməyi planlaşdırır. "Bu, dəbin əlilliyi və coğrafi mədəni aspektləri necə birləşdirə biləcəyini daha yaxşı anlamağa kömək edəcək", - şirkətin təsisçisi Məhəmməd Kekalov deyir.
Görmə əngəlli nənəsindən və əlil uşaqlara baxan amerikalı ailədə keçirdiyi 1 ildən ilhamlanan Kekalov adaptiv geyim yaratmaq qərarına gəlir. Kolleksiya nümayişi şoularından birində 2012-ci il London Paralimpiya Oyunlarının kamandan oxatma yarışlarına vəsiqə qazanmış ilk azərbaycanlı paralimpiya idmançısı Zinyət Vəliyeva iştirak edib. Onun həyat yoldaşı isə Birinci Qarabağ müharibəsində mina partlaması nəticəsində ayağını itirib.
Kekalov hesab edir ki, podiuma çıxanlar özlərini daha inamlı hiss edirlər.
Xatırladaq ki, indiyədək ikisi ötən il olmaqla cəmi 3 dəb nümayişi keçirilib.
Commentaires