Almaniya Səfirliyinin dəstəyi ilə “Start.Up! Germany Pitch Event 2021” tədbirini təşkil edilib
Updated: Dec 9, 2022
17 avqust 2021-ci il tarixində Alman-Azərbaycan Xarici Ticarət Palatası (AHK Azərbaycan) Almaniya Federativ Respublikasının Bakıdakı Səfirliyinin dəstəyi ilə Bakıda “Start.Up! Germany Pitch Event 2021” tədbirini təşkil edib. Ən yaxşı üç startap Kekalove Adaptive, Climasel və Drop by Drop “Digital Start.Up! Germany Tour 2021” müsabiqəsində iştirak etmək imkanı uğrunda yarışıb və 2021-ci ilin noyabr ayında öz innovativ biznes ideyalarını alman korporasiyaları və beynəlxalq şirkətlərə təqdim etmək imkanı qazanıblar. Nəticədə cənab Məhəmməd Kekalov tərəfindən təmsil olunan Kekalove Adaptive şirkəti münsiflər heyəti tərəfindən Bakıda keçirilən müsabiqənin ən yaxşı startapı seçilib.
AHK Azərbaycanın İcraçı direktoru, cənab Tobias Bauman və Almaniya Federativ Respublikasının Bakıdakı Səfirliyinin Missiya üzrə Müdir müavini cənab Hayko Şvarç tədbirin rəsmi hissəsini açaraq rəqabət aparan səkkiz startap təmsilçilərini, yüksək vəzifəli münsiflər heyətini, eləcə də alman-azərbaycan biznes cəmiyyətinin üzvlərini salamlayıblar. Cənab Şvarç və Bauman ilə yanaşı, Azercell MMC şirkətinin B2B Satış Müdiri, cənab Rüfət Sadıqov, Sparkassenstiftung Bakı nümayəndəliyinin ölkə üzrə nümayəndəsi, cənab Eduard Şmit və Rödl & Partner şirkətinin nümayəndəlik rəhbəri, cənab Elçin Usub münsiflər heyətini təmsil ediblər.
Tədbir qaydalarının təqdimatının ardınca Climasel, Digital Expo Center, Dr. Agro, Drop by Drop, GreenEra, Insure.az, Kekalove Adaptive və TOURP adlı startapçı şirkətlərə öz biznes modelləri və yenilikçi məhsullarını təqdim etmələri üçün üç dəqiqə vaxt verilib. Daha sonra təmsilçilər münsiflər heyətinin startaplar ilə bağlı suallarını cavablandırıblar.
Sonda münsiflər heyəti və tədbir iştirakçıları ən yaxşı startapların seçilməsi üçün öz rəylərini paylaşıblar. “Digital Start.Up! Germany Tour 2021” müsabiqəsində iştirak ilə yanaşı, bu üç startap-Kekalove Adaptive, Climasel və Drop by Drop bir il müddətinə ödənişsiz olaraq AHK Azərbaycana üzv olmaq şansı və alman-azərbaycan biznes cəmiyyəti ilə birbaşa əlaqələr qurmaq imkanı əldə ediblər.
Müsabiqənin qalibi cənab Məhəmməd Kekalov regional müsabiqəyə də dəvət əldə edəcək və Almaniyanın Şimali Reyn Vestfaliya əyalətində öncədən maliyyələşdirilən səfər uğrunda digər Avropa startapları ilə birgə yarışacaq və nəticədə 15.000 avroya qədər pul mükafatı əldə etmək imkanı qazanacaq. Mükafatlandırma mərasiminin ardınca tədbir şəbəkədaxili danışıqların aparılması üçün şam yeməyi ilə başa çatıb. Müsabiqə W_Space ofisində xüsusi karantin rejiminin bütün tələblərinə və təhlükəsizlik və sağlamlıq tövsiyələrinə ciddi riayət olunmaqla keçirilib.
Comments